Rusiyanın məşhur səyahət verilişi “Поедем, поедим!” budəfəki buraxılışını Azərbaycana həsr edib

Rusiyanın “NTV” telekanalında məşhur səyahət proqramı “Поедем, поедим!”in dekabrın 4-də Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib. Proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutmuşdur.
Aparıcı Federiko Arnaldi Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda “Baku Crystal Hall”, “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası haqqında məlumat verib. O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futuristik və ultramüasir görüntüsünə baxmayaraq özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir.
Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kompleksi işıqlandırılıb. İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub. Paytaxtın hotel, nəqliyyat və yol infrastrukturu haqqında da veriliş çərçivəsində danışılıb.
Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı “Sitrus bağları”na baş çəkib, regionun mətbəx nümunələrini dadıb.
Proqram “NTV” telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi “Youtube” kanalında yerləşdirilib.

Bir cavab yazın