“Skal Bakı”nın 26-cı toplantısı Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində baş tutub

 

Noyabrın 16-da “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının Bakı klubunun (“Skal Bakı”) növbəti 26-cı toplantısı keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının təşkilatçılığı ilə reallaşan tədbir Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində baş tutub.

“Skal Bakı” klubunun sədri Ceyhun Aşurov çıxışında “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları Təşkilatının dünyada 85 ölkədə fəaliyyət göstərən 311 klubunun 13 mindən çox peşəkarı birləşdirdiyini qeyd edib. O, rəhbərlik etdiyi təşkilatın MDB məkanında yaradılan ilk və tək Klub olduğunu diqqətə çatdırıb. Ceyhun Aşurov bu toplantının Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində baş tutduğunu da qeyd edib. Onun sözlərinə görə, 2008-ci ildən hər ilin noyabr ayının 3-cü həftəsi bütün dünyada Qlobal Sahibkarlıq Həftəsi kimi qeyd edilir: “Sahibkarlıq dəyər yaradan bir fəaliyyət növüdür. Sahibkarlar bütün vəziyyətlərdə ayaqda durmağı bacaran şəxslərdir. Sahibkarlıq iş yerləri yaradır, sabitlik və firavanlığa töhvə verir. Azərbaycanda 1999-cu ildən Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərir. Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının 70-ə yaxın Assosiativ üzvü olmaqla, 6000 sahibkarlıq subyektləri üzvü var.

Son illər ölkəmizdə sahibkarlıq fəaliyyətində bir şəffaflıq müşahidə olunur. Bu, turizm sahəsində fəaliyyət göstərən bir sahibkarlar olaraq bizi çox sevindirir. Bilindiyi kimi, turizm həssas bir sahədir. Son illər baş verənlər də bunu təsdiq edir. Dünyadakı bütün proseslər ilk növbədə məhz bu sahəyə təsir edir. Amma bu da çox sevindirici haldır ki, bütün iqtisadi böhranlardan, pandemiyalardan, müharibələrdən sonra ilk özünə gələn sahə də məhz bizim təmsil etdiyimiz sahədir.

2019 cu ildə dünyada qlobal olaraq 1,5 milyard insan səyahət etmisdir.
Hazırda 2020-2021-ci illərdə baş verən pandemiyadan sonra turizm öz bərpa dövrünü yaşayır, səyahət edənlərin sayı getdikcə artacaqdir.Bu il Dünya Turizmi özünü 70 % bərpa edəcəyi gözlənilir. Biz də Azərbaycanın turizm təmsilçiləri olaraq çalışıb ölkəmizin təbliğatını elə qurmalıyıq ki, turizmin gələcək artımından özümüzə pay götürə bilək”.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev işğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işlərindən, Qarabağ bölgəsinin turizm imkanlarından danışaraq qeyd etdi ki, hazırda qarşıda duran mühüm vəzifələrdən biri bu ərazilərin turizm potensialının təbliği və təşviqidir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkədə sahibkarlığın təşviqinə ciddi ehtiyac olduğunu dedi. O, sahibkarlığı inkişaf etdirməklə iqtisadiyyatın yüksəlişinə nail olmağın mümkünlüyünü söylədi.

Daha sonra çıxış edən Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının rəhbəri Göydəniz Qəhrəmanov, “Skal Baku” klubunun üzvləri Əziz Şiriyev, Tərlan Quliyev turizm sahəsindəki mövcud problemlərdən, bu sahənin beynəlxalq səviyyədə təşviqinin və təbliğinin vacibliyindən bəhs etdilər.

Sonda tədbirin reallaşdırıldığı “Kəççi” restoranının sahibinə təşəkkür plaketi təqdim olundu.

Bir cavab yazın