Nazirlər Kabineti “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nı təsdiq edib.
Bununla bağlı qərarı Əli Əsədov qərar imzalayıb.
Qaydaya əsasən, ölkə prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların Siyahısı”nda nəzərdə tutulmuş qurumlar (donorlar) qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qururlar. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
Hər bir müsabiqənin keçirilməsi müddətini (başlanması və bitməsi vaxtı), əhatə etdiyi mövzuları, müsabiqə şərtlərini və layihələrin qiymətləndirilməsi qaydasını donor təsdiq edir. Müsabiqənin keçirilməsi barədə elan layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən ən azı 30 gün əvvəl donorun internet səhifəsində ə sosial media platformalarında yerləşdirilir, həmçinin bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir. Müsabiqə elanının məzmununda bu Qaydada nəzərdə tutulan məlumatlar qeyd olunmalıdır.
Bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq ölkədə qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və ölkə vətəndaşı olan fiziki şəxslər (bundan sonra – müsabiqə iştirakçısı) müsabiqədə iştirak etmək hüququna malikdirlər. Müsabiqə iştirakçısının hər müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququ var. Müsabiqə iştirakçısının təqvim ili ərzində keçirilən müsabiqələr çərçivəsində təqdim etdiyi yalnız bir layihəni donorun maliyyələşdirməsinə yol verilir. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 8 aydan çox olmamalıdır. Bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100 min manatdan artıq olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və yaxud başa çatmış layihələri donor əlavə və yaxud təkrar maliyyələşdirə bilməz. Layihələrin qrant maliyyələşdirilməsi hər il dövlət büdcəsində donorun mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait məbləğində həyata keçirilir.