Turizmçilərin Balaxanıda yerləşən “Təmiz Şəhər” ASC-nə səfəri təşkil olunub

Azərbaycan Turizm Agentliklər Assosiasiyasının təşkilatçılğı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə turizmçilərin Balaxanıda yerləşən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə səfəri təşkil olunub.

Fevralın 28-də təşkil edilən səfərin əsas məqsədi maarifləndirmə xarakteri daşıyıb. Səfər çərçivəsində turizmçilər Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun quraraq, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən fəaliyyətlərlə tanış olub. Səfərdə 15 turizm şirkətinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Ümumdünya Turizm Təşkilatı tərəfindən irəli sürülən Qlobal Turizm Plastik Təşəbbüsünə qoşulub. Səfər bu hərəkatın bir hissəsi olaraq həyata keçirilib.

Bir cavab yazın