“Xınalıq” UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına salınıb

UNESCO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu daxil edilib.

Uyğun sənədləri Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün İlkin Siyahıya salınması məqsədilə Dünya İrs Komitəsinə təqdim edib.

UNESCO-nun Azərbaycan üzrə Milli Komissiyası və Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumidünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq, istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. Abidələrin siyahısı hər bir üzv dövlətin  Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi İkin Siyahısıdır. Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində bu siyahı paylaşılır.

Qaydaya əsasən, ilk olaraq Dünya İrs Komitəsi dövlətin İlkin Siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Bir cavab yazın