Londonda Azərbaycanın yeni turizm brendi təqdim olundu

Londonda Azərbaycanın Yeni Turizm Brendi təqdim olundu

5-7 Noyabr tarixində İngiltərənin paytaxtı Londonda WTM(World Tourism Market) beynəxalq nüfuzlu sərgisi baş tutdu. Azərbaycan da Yeni Turizm Brendimiz ilə ölkəmizi bu sərgidə təmsil edib.

Sərgidə Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Bir daha bax”) marketinq kampaniyasının təqdimatını keçirib.

Müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.

Təqdimatda Azərbaycanın Yeni Turizm Brendi, əsrarəngiz maddi və mənəvi irsimiz haqqında qonaqlara ətraflı məlumat verilib. Həmçinin təqdimatda bildirilib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək Azərbaycanın Turizminin əsas məqsədləridir.

Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı təşkil olunub. Burada Azərbaycan Turizm Bürosunun nümayəndələri Azərbaycanın turizm potensialı, marketinq strategiyası və yeni turizm siyasəti barəsində sualları cavablandırıblar.

Ümumilikdə yeni kampaniyanın məqsədi xarici turistləri Azərbaycana dəvət etmək, bütün səyahətçilərə ölkəmizin özünəməxsusluğunu göstərməkdir. Onlara unudulmaz xoş təəssüratlar bəxş etməkdir. Azərbaycanın yeni turizm imicinin, ölkəmizin turistlər üçün cəlbedici məkanlardan biri olması faktının dünya ictimaiyyətinə çatdırılması üçün qeyd olunun təqdimat xüsusi önəm kəsb edir.

Turizmi ölkənin ikinci ən böyük inkişaf istiqamətinə çevirmək və 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayının iki dəfə artırılmasına nail olmaq kampaniyanın strateji hədəfləri sırasındadır.

Bir cavab yazın