KÜRDƏMİR RAYONU
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021).
Etimologiyası
Kürdəmir – “Kür Dəymir” sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə “Y” samiti assimilyasiya (aşınma) olmuş və “Kürdəmir” şəklində işlənmişdir.
Təbiəti
Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə aiddir. Relyefi düzənlikdir. Okean səviyyəsindən aşağıdır. Cənub sərhədləri Kür çayı ilə hüdudlanır. Girdiman və Ağsu çaylarının aşağı axınları Kürdəmir ərazisindədir. Ərazidə rast gəlinən şanagüllə Azərbaycanın Qırmızı Kitabına salınmışdır.
Maddi-mədəni irsi
Rayonda dövlət qeydiyyatına götürülmüş, ərazi icra nümayəndəlikləri tərəfindən mühafizə edilən Sığırlı kənd ərazisində ilkin orta əsrlərə aid “Qaratəpə” və Ərəbqubalı kəndi ərazisində isə ilkin orta əsrlərə aid edilən “Şəhərgah” tarixi abidələri mövcuddur. Bundan əlavə Muradxan və Şilyan kəndlərdində mühafizə edilən tarixi abidələrdə mövcuddur ki, hər iki abidə dövlət qeydiyyatına alınmışdır. Kürdəmirdə tapılmış dəyərli tapıntılardan biri də 2010-cu ildə rayonunun Muradxan kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavatorla kanal qazılarkən tapılmış nadir pul dəfinəsidir. Mütəxəssislər tərəfindən hadisə baş verən əraziyə baxış keçirildi. Dəfinə 5470 qram çəkiyə malikdir. Onun içərisində 1200-dən artıq qədim sikkə olduğu ehtimal edilir. Sikkələr üst görkəmindən mis olduğu ehtimal edilir. Dəfinə Ağsu ekspedisiyasına təhvil verilib. Sikkələrin XIV əsrin sonu – XV əsrin əvvəlinə aid olduğu ehtimal edilir.