Saatlı Rayonu
Kür-Araz ovalığının, Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü il 25 mayda müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Ərazisi 1,18 min kv. km- dir. Rayonda 1 şəhər, 43 kənd vardır ki, bunlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Şəhər və kənd yaşayış məntəqələri daxil olmaqla rayonda ümumilikdə 36 bələdiyyə fəaliyyət göstərir. Mərkəzi Saatlı şəhəridir.
İqlimi
Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Rayonda yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda 1,4 °C, iyulda 26,2 °C-dir. İllik yağıntı 300 mm-dir. Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir. Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır.
Tarixi
Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxan, Əlisoltanlı kəndlərində e. ə. 3-2-ci minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55 ədədi nəqqaşlıq, 127 ədədi ədəbi-tətbiqi incəsənət məmulatı, 1890 ədədi arxeoloji əşyalar, 531 ədədi məişət və etnoqrafiya əşyaları, 2279 ədədi müxtəlif fotoşəkillər, 412 ədədi qiymətli sənədlər, 4077 ədədi isə digər sənədlərdir. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayon ərazisində Cəfərxan nekropolu, Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd nekropolu, 3 ədəd Qaralar nekropolu, Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad nekropolu olmaqla ümumilikdə 9 arxeoloji abidə mühafizə olunur.
Elm və mədəniyyət mərkəzləri
Saatlı rayonunda 49 ümumi təhsil müəssisəsi, 3 məkdəbdənkənar müəssisə, 1 Tibb Kolleci, 1 Peşə Liseyi, 21 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Son dövrlər ərzində rayonda 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 uşaq yerlik olmaqla 3 körpələr evi-uşaq bağçası üçün yeni binalar tikilmişdir, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 200 şagird yerlik 1 məktəb, hər biri 100 uşaq yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası tikilmişdir.
Saatlı rayonunda 2014-2015-ci dərs ilində Saatlı Tibb Kolleci istifadəyə verilmişdir. Rayonda 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 55 kitabxana filialı, 15 klub, 10 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyi fəaliyyət göstərir.