Sabirabad Rayonu

Sabirabad Rayonu

Sabirabad rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. İlk olaraq Petropavlovka adlanan rayona sonradan dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin adı verilmişdir. Kür və Araz çayının qovuşduğu yerdə yerləşən rayonun ərazisinin bir hissəsi Kür çayının sağ sahilində yerləşən Muğan düzündə, bir hissəsi Kür çayının sol sahilində Şirvan düzündə, bir hissəsi də Araz çayının sol sahilində Mil düzündədir. Ümumi ərazisi 1469,6 km², kəndlərin sayı 74-dür. Rayon şimaldan Kürdəmir, şərqdən Şirvan, cənub-şərqdən, cənubdan Biləsuvar, qərbdən Saatlı İmişli rayonları ilə həmsərhəddir. Mərkəzi Sabirabad şəhəridir.

Təbiəti

Rayonun iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Əsasən, boz-çəmən torpaqlar yayılmışdır. Ərazidə yarımsəhra bitkiliyi üstünlük təşkil edir. Ayrı-ayrı sahələrdə səhra bitkiliyi də mövcuddur. Səhra bitkiliyində şoran torpaqlarda rast gəlinir. Şoran yarımsəhralarında çox vaxt halofit kolcuqlara: qara soğan , xəzər sarıbaşı rast gəlinir. Onlar yumru təpəciklər əmələ gətirir. Burada, həmçinin, Xəzər şahsevdisi , kolvari dəvəayağı , çərən , həmçinin birillik lətli şorangələr — duzlaq coğanı və s. bitkilərə rast gəlinir. Kür və Araz çayları boyu tuqay meşələrində ağyarpaq qovaq, qaragac, söyüd, yulğun və iydə üstünlük təşkil edir.

Faunası

Sabirabad rayonu ərazisi su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz, ağqalın qaz, ağqaş qaz, qırmızıdöş kazarka, harayçı ququ quşu, fısıldayan ququ quşu, anqut və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar,adi tülkü və s. canlılar yaşayır.

Elm və mədəniyyət mərkəzləriSabirabad Olimpiya İdman Kompleksi

Rayonda Dövlət sosial iqtisadi kolleci, peşə liseyi, 85 ümumtəhsil məktəbi, 22 uşaq baxçası, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyət göstərir. 126 mədəniyyət, 77 səhiyyə müəssisəsi, o cümlədən Sabirabad Olimpiya İdman Kompleksi, Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyi fəaliyyət göstərir. 

Tarixi memarlıq abidələri

Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və abidələri ilə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Quruzma, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində qədim yaşayış yerləri və nekropollar aşkar edilmişdir. Quruzma kəndinin “Bud Təpəsi” adlanan yeri, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aid yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılmışdır. Cavad orta əsr yaşayış yerini IX–XV əsrlərə, kəndin “Şəhərgah” adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI–XII əsrlərə aid olduğu sübut edir. 

Baba Samid məqbərəsi

Səfəvilər dövrünə aid olan Baba Samid məqbərəsi Sabirabad rayonunun ən qədim tarixi abidəsi hesab olunur. 1585-ci ildə tikilmiş məqbərə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir.

Ultan qalası 

Rayonun Zəngənə kəndində 4-cü əsr Atropatena dövründə əsası qoyulmuş Ultan qalası adlı qala-şəhəri mövcud olmuşdur.Qala 17-ci əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.

Qalaqayın məscidi

Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.

Tarixi şəxsiyyətlər Sabirabad Bayraq Muzeyi

Sabirabad rayonu Azərbaycan tarixinə saysız görkəmli şəxsiyyətlər qazandırmışdır. Lütfiyar İmanov – Azərbaycan opera müğənnisi, SSRİ Xalq Artisti, Pənah Hüseyn – Azərbaycan Respublikasının 3-cü Baş naziri, Məhəmməd Xəlilov – İkinci Dünya Müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı Sabirabadda anadan olmuşdur.

Bir cavab yazın