Azərbaycan Dövlət Akademik Filarmoniyası
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası — Bakıda yerləşən konsert kompleksidir. Filarmoniya binası 1910–1912-ci illərdə mülki-mühəndis Qavril Ter-Mikelovun layihəsi əsasında Niyazi küçəsi (keçmiş Sadovaya küçəsi) və İstiqlaliyyət küçəsinin (keçmiş Nikolayevskaya küçəsi) kəsişməsində, sonradan Filarmoniya bağı adlandırılmış park (keçmiş adı Qubernator bağı) ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası isə 25 may 1936-cı ildə yaradılmışdır.
Memarlıq üslubu
Filarmoniya binası italyan İntibah və alman Rokokko memarlıq üslublarında dizayn edilmişdir. Memar Monte-Karlo Kazinosunun daxilindəki binalardan, xüsusilə, Monte-Karlo Operasının stilindən ilham almışdır.
Strukturu
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorqskinin, Rimski-Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, peşəkarlıqla ifa etməyə başlayıb. Azərbaycan Dövlət Simfonik Orkestri Almaniya, Türkiyə, İsveçrə, Misir, ABŞ, Fransa, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində uğurla çıxışlar etmişdir. Orkestr Beynəlxalq Rostropoviç Fesivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı, Beynəlxalq Muğam Festivallarının fəal iştirakçısıdır.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılaraq, həmin ilin 8 Mart Qadınlar Günü münasibəti ilə təşkil olunmuş konsertdə ilk dəfə çıxış etmişdir. Orkestr 2007-ci ilin may ayında Azərbaycanda, Belarus və Moldova respublikalarında keçirilən mədəniyyət və incəsənət günlərində iştirak etmişdir.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. 1998-ci ilin iyulunda orkestr Azərbaycan mədəniyyətini Londonda müvəffəqiyyətlə təmsil etmiş, həmin ilin sentyabr ayında isə Parisdə Qara Qarayevin 80 illiyinə həsr olunmuş yubiley konserti vermişdir. 2011-ci ilin may ayında Pekin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, iyul ayında Fransada “Ramatuel” Beynəlxalq Klassik Musiqi Festivalında çıxış etmişdir.
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə dahi Ü.Hacıbəyli ilə yanaşı Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir.