Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçirilib

Noyabrın 25-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində İkinci Üzüm və Şərab Festivalının açılışı baş tutub. Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.

Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları tərəfindən müxtəlif çeşidli şərablar nümayiş etdirilib, şərabçılıqla bağlı müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilib. Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil olunub.

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Bir cavab yazın