Martın 18-dən Şuşaya Azərbaycan vətəndaşları üçün turlar baş tutub. Düşünürük ki, bu ənənə xarici turistlərə də şamil ediləcək. Xarici turistlərin təkcə Şuşaya deyil, işğaldan azad edilmiş digər ərazilərə də səfərləri təşkil olunacaq.
Bu fikirləri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.
K.Quluzadə bildirib ki, Rusiya Azərbaycan turizmi üçün əsas ölkələrdən biridir. Ənənəvi olaraq Rusiyadan Azərbaycana gələn turistlərin sayı ümumi turist sayından xeyli artıqdır.
Kənan Quluzadə turistlərin bölgələrə də böyük maraq göstərdiklərini vurğulayıb. O deyib: “Bölgələrimizdə hazırda mövcud olan və işğaldan azad edilmiş ərazilərdə tikilən aeroportlar da Rusiyadan və digər ölkələrdən daha çox turist cəlb etməyə imkan yaradacaq. Bu ilin qış mövsümündə rusiyalı turistlər arasında Bakı ilə yanaşı, əsas turistik dəhlizlər, xüsusilə isə “Şahdağ” Turizm Mərkəzi yetərincə populyar olub. Bu il Qəbələ, Şəki, Lənkəran, Gəncə istiqamətində səfərlərin sayının artacağı gözlənilir. Rusiyalı turistlər Azərbaycanda daha çox mədəni-tarixi irsimizlə bağlı, müalicə-sağlamlıq turizmi, qastro turizminə maraq göstərirlər. Tələbata uyğun olaraq yeni turizm marşrutları qurmaqda davam edəcəyik”.