Salyan Rayonu

Salyan Rayonu

Salyan Rayonu Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir. Bakıdan 126 km məsafədə olan rayonda 16 yaşayış məntəqəsi var. İnzibati mərkəzi Salyan şəhəridir.

Təbiəti

Salyan rayonu ərazisinin iqlimi yayı quraq, qışı mülayim və rütubətli keçən mülayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Boz-qonur, boz-çəmən, çəmən- bataqlıq, şoran torpaqlar yayılmışdır. Bitki örtüyü səhra və yarımsəhra tipli, tirə və təpəliklərdən ibarət olan rayon ərazisi palçıq vulkanları ilə çox zəngindir. Əsas vulkanlar Durovdağ, Ağzıbir, Dovşandağı, Babazənən, Duzdağ, Qalmas, Qırovdağ, Mişovdağ, Xıdırlı, Kürsəngi, Hamamdağ, Bəndovan palçıq vulkanlarıdır. Azərbaycanın ən böyük təbiət qoruğu ərazilərindən biri — Şirvan Milli Parkı — əsasən, Salyan ərazisinə düşür. Florası yarımsəhra və səhra tiplidir. Bunlar, əsasən, çoğan, cil, daziçiçək keçialacı, alaq şorangə, əvəlik, qara- şoran, ilişən, adi qazayağı, qışotu, Xəzər şahsevdisi, əzgən , cincilə, şirinbiyan, sünbüllü bağayarpaqçiçək ibarətdir. Kollardan iydə, rus itüzümü, şober şorgiləsi, yulğun, adi əncir, nadir növlərdən Hirkan ənciri yayılmışdır.

Çayları və su hövzələri

Rayon ərazisindən Kür çayı axır. Onun keçmiş qolu olan Bala Kürdən suvarmada geniş istifadə edilir. Akuşa çayının axmazlarında nadir və nəsli kəsilməkdə olan Azərbaycanın, o cümlədən bir sıra ölkələrin Qırmızı Kitabına salınmış şanagiillə bitir.

Fauna

Ceyran, safsar, çöl pişiyi, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, levant irigürzəsi, ilanbalığı, turac, qamışlıq belibağlısı, qızılı qızlarquşu, qağayı, fərat çapağanı, kəlləşəkilli haf, o cümlədən adı Beynəlxalq Qırmızı Kitaba salınmış bir çox su-bataqlıq quşları — çəhrayı qutan, qara leylək , qızıl qaz, kiçik qu və s. canlılardan ibarətdir.

Tarixi abidələr 

Kürsəngi qəsəbəsində m.ə. II–III əsrlərə aid küp qəbirləri, orta əsrlər dövrünə aid yaşayış yeri aşkar edilmişdir. Qəsəbənin ən hündür yerində bişmiş kərpicdən tikilmiş IX–XIII əsrlərə aid qala divar qalıqları vardır. Bəndovan burnu (Şirvan Milli Parkı) ərazisində və dənizdə IX–XIII əsrlərə aid yaşayış yeri. Şirvanşahlar dövrünə aid çovustan tipli tikili qalıqları, dulus kürəsi, şirsiz və şirli saxsı qablar, əmək alətləri, şüşə bəzək şeyləri, mis və gümüş sikkələr aşkar edilmişdir.

Bir cavab yazın