Lerik Rayonu

Lerik Rayonu

Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. Güney ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fıstıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir. Meşələrdə və Lerik çayının sahillərində tülkü, çaqqal, canavar, ayı, qaban, ördək, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s. heyvanlara, meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə rast gəlmək olar.

Hotel: Relax Otel Lerik

Ərazi

Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının “Nəbatət elmi-tədqiqat mərkəzi” ərazinin fauna və florasını öyrənir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır.
Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmişdir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradis” və digər turizm obyektləri bu cür mərkəzlərdəndir. Burada kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır. Lerikdə yaşayış məntəqələrinin sayı 161-dir. 29 ərazi-inzibati vahidi, 1 qəsəbəsi, 161 kəndi var. Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Ağayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midiyalılardır”. Lerikdə dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s.-dir. Lerik şəhərində 1 ədəd tarix-diyarşünaslıq muzeyi, “Uzunömürlülər” muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir.

Tarix

Lerikdə tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən “Qızyurdu” adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmıran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII–XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmıran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.

Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilibmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Rəvayətə görə bura qədim albanların məskəni olmuşdur. Burada albanlara məxsus qəbirstanlıq indi də mövcuddur.
Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır.

Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı “arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.
Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Buzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.

Bir cavab yazın