Neftçala Rayonu

Neftçala Rayonu

Neftçala rayonu 11 fevral 1940-ci ildə rayon kimi təşkil olunmuşdur. Sahəsi 1451.7 km2, əhalisi 88,846 nəfərdir. Rayonun inzibati mərkəzi — Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığında yerləşir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır. Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur. 

Təbiəti

Neftçala rayonu yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °S, iyulda 25–36°S-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır.

Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Zəngin flora və faunaya malik olan Qızılağac dövlət təbiət qoruğunun ərazisinin əksər hissəsi Neftçala rayonunda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, suilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir. Şirvan milli parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər qeyritərzli fauna növlərinin yaşayış arealı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.

Geoloji təbiət abidələri

Rayonun ən gözəl geoloji təbiət abidələri buradakı palçıq vulkanları və Kür çayının Xəzərlə qovuşduğu sahəsi — Kürün deltasıdır. Palçıq vulkanları aşağıdakılardır:

Duzdağ palçıq vulkanı — Xıllı kəndinin cənubunda yerləşir və Kürün sağ sahilindəki ən hündür yüksəklikdir.

Qolovaçev palçıq vulkanı— Kür çayının deltasından cənub-şərqdə yerləşən sualtı palçıq vulkanıdır.

Oblivnoy adası palçıq vulkanı — Bondovan burnundan cənub-şərqdə və Svinoy adasından cənub-qərbdə yerləşir. Ada palçıq vulkanı konusunun qalığıdır.

Kür Daşı adası — Bondovan burnundan cənub-şərqdə yerləşir. Ada palçıq vulkanı mənşəlidir. Adanın uzunluğu 308 m, eni isə 252 m-dir.

Komilov-Pavlov palçıq vulkanı — Bondovan burnundan cənub şərqdə yerləşir. Say qərbdən şərqə uzanmış üçbucaq şəkilli kəsik konus formasında sualtı palçıq vulkanıdır.

Elm və mədəniyyət mərkəzləri

Rayonda Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət Mərkəzi , Tarix-Diyarşünaslıq muzeyi, 24 mədəniyyət evi, 1 dövlət rəsm qalereyası1 Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. 

Tarixi-memarlıq və mədəniyyət abidələri

Neftçala rayonunda ölkə əhəmiyyətli 12 arxeoloji abidə mövcuddur:

1.Xolqaraqaşlı yaşayış yeri
2.Boyat yaşayış yeri
3.I Boyat nekropolu
4.II Boyat nekropolu
5.Qaravəlli yaşayış yeri
6.Bankə yaşayış yeri
7.Ərəbqardaşbəylı yaşayış yeri
8.Şirvan Qaraqaşlı yaşayış yeri
9.Xıllı yaşayış yeri
10.Xıllı nekporolu
11.Yuxarı Qaramanlı yaşayış yeri
12.Qaramanlı nekropolu

Rayonda 34 məscid var. Xıllı qəsəbəsində XIX əsrə aid Fatimeyi-Zəhra məscidi, Bankə qəsəbəsində 1898-ci ildə inşa edilmiş Balıq Kombinatının inzibati binası, XIX əsrə məxsus kilsə, 1894-cü ilə aid Heydər Almazov türbəsi , Bankə qəbiristanlığında 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış monument (2004) tarixi abidələr kimi qorunub saxlanılır.

Neftçalada şəhid türk zabitlərinin məzarları

Neftçala rayonunun Seyidlər kəndinin eyni adlı qəbiristanlığında 1918-ci il hadisələri zamanı Azərbaycana rus-erməni birləşmələrinə qarşı mübarizədə dəstək verən zaman şəhid olmuş türk zabitləri uyuyur. Adları elmə məlum olmasa da şərəflərinə qoyulmuş, üzərində ay-ulduz təsvirli sənduqə (2,13x 1,05 metr) və onun yanındakı yeni inşa olunan kompleks türk qəhrəmanlarının əsl şücaətindən xəbər verir.

Bir cavab yazın