Ucar Rayonu
Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Bakıdan 240 km qərbdə, Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi var. Şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun inzibati mərkəzi Ucar şəhəri, sahəsi 830 km²-dir.
Tarixi
Rayonun adı, yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-İstəxrinin “Məmləkətlərin yolları” kitabında Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında da Ucar sözünə rast gəlinir.
Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-ci ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı qurberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra quberniyanin mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləgv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmiş, Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayının 14-də Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur.
Arxeoloji abidələr
Bərgüşad kəndi yaxınlığında m.ə. II əsrə aid Qaratəpə, Qıztəpə, Adsıztəpə yaşayış yeri. Küp qəbirlər küpün böyüklüyünə, ölünün arxası üstdə qoyulmasına, istiqamətinə görə Azərbaycan ərazisindəki digər küp qəbirlərdən fərqlənir.
Təbiəti
Ucar rayonunun iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl iqliminə aiddir. Boz-çəmən torpaqları yayılmışdır. Bitkiörtüyü, əsasən, ovalıq və yarımsəhra tiplidir. Tuqay meşələrinin qalıqları vardır. Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri
Əsas çayları Göyçay və Türyan çaylarıdır. Türyançay, Tikanlıçay, Ağçay (Qalaçay), Bumçay və Dəmiraparan çaylarının qovuşmasından yaranır. Əsas çay kimi götürülən Tikanlıçay öz mənbəyini Bazardüzü dağının cənub-qərb yamacından (3680 m) götürür. Göyçay çayı Lahıc dağ sistemindən — Kovdağın qərb yamacından (1980 m) başlayır.
Elm və mədəniyyət mərkəzləri
Ucar rayonunun tabeliyində 18 mədəniyyət evi, 8 klub, 47 kitabxana, 2 muzey, 1 Uşaq İncəsənət məktəbi vardır. Heydər Əliyev mərkəzi — 29 iyun 2006-cı ildə açılmışdır. Ucar Tarix–Diyarşunasliq muzeyi — 1986-cı ildə xüsusi layihə əsasında tikilmiş və 2 mərtəbədən ibarətdir. Muzeydə təbiət, qədim dövr və müasir dövr bölmələri fəaliyyət göstərir. Muzeydə 2602 ədəd eksponat var.