Yevlax Rayonu
Yevlax rayonu 1935-ci ilin fevral ayında təşkil edilmişdir. Rayon Bakıdan 293 km aralı Kür çayının sağ sahilində yerləşir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax və Şəki rayonları ilə həmsərhəddir. Rayon 1962-ci ildə ləğv edilmiş, 1965-ci ildə yenidən müstəqil rayon statusunu bərpa etmişdir. İnzibati mərkəzi Yevlax şəhəridir.
Təbiəti
Ərazinin iqlimi qışı quraq keçən mülayim-isti və quru — çöl iqliminə aiddir. Boz — çəmən, allüvial çəmən-meşə, şorakətvari boz-qonur torpaqları vardır. Düzənlik ərazilərdə yovşan üstünlük edən yarımsəhralar formalaşmışdır. Kür çayının sahillərində tuqay meşələrinin qalıqlarına rast gəlinir. Burada ağyarpaq qovaq, yulğun, saqqız ağacı, söyüd və b. ağac və kol növlərinə rast gəlinir. Xocaşen silsiləsi və Bozdağ ərazilərindəki yovşanlı yarımsəhra fonunda, eləcə də çay vadiləri yaxın Xırdaçiçək yaxınlığındakı yüksəkliklərdə saqqızağac, ardıc, nar, qaratikandan ibarət seyrək meşəliklər yayılmışdır. Kol və ot yarusunda Pallas murdarçası, müxtəlif yovşan növləri, soğan, buğdayıot, məryəmnoxudu və s. bitkilərə rast gəlinir. Rayonun heyvanlar aləmi zəngindir. Burada məməlilərdən dovşan, adi tülkü, çaqqal, canavar, sincab, quşlardan qayalıq kəkliyi, turac və s. su-bataqlıq quşları vardır.
Çayları və su hövzələri
Yevlax rayonunun əsas çayları Əlican, Korçay və İncə çaylarıdır. İncəçay öz mənbəyini Kiçik Qafqazdan, Murovdağın (3343 m) şimal-şərq yamacında 2580 m yüksəklikdən götürür. Əlican 3500 m yüksəklikdə formalaşır.
Elm və mədəniyyət mərkəzləri
Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub, 6 musiqi məktəbi, B.Səfəroğlu adına xalq teatr və kukla teatrı, “Ərəş”, “İlkin”, “Karvan”, “Səda” musiqi kollektivləri vardır
Tarixi abidələri
Yevlax – Bərdə magistral yolunun təxminən 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.
Üçtəpə kurqanının torpaq örtüyü 35 min kub metrə çatır.
Xaldan kəndinin 3–4 km –də antik dövrə təsadüf edən Alban sərdabəsi olduğu ehtimal olunan sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən məscidin qalıqları mühafizə olunur.