“Ulduz Tourism” DMC şirkətinin rəhbəri Həmid Cahedi Korabbaslı AFN.az-a müsahibəsi zamanı bildirib ki, ölkədə aqrar turizmin inkişafı üçün çox böyük imkanlar mövcuddur və bir turizm şirkəti olaraq bu imkanları tanıtdırmaq və təbliğ etmək qərarına gəliblər: “Bizim hazırda həyata keçirdiyimiz aqroturlar əslində “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən sosial layihədir. Layihənin məqsədi fermerlər üçün əlavə gəlir mənbələrinin yaradılması, kəndlilərin öz məhsullarını alıcılara çatdırma şərtlərinin asanlaşdırılması, şəhər əhalisi üçün fərqli istirahət imkanlarının yaradılması və onların kənd həyatı ilə daha yaxından tanış olmasıdır. Bunun üçün “Aqrar tədarük və təchizat” ASC-nin “Ulduz Tourizm” və digər turizm şirkətləri ilə əməkdaşlığı çərçivəsində müxtəlif təsərrüfat sahələrinə mütəmadi aqroturlar təşkil olunur.
Layihəyə maraq böyükdür. Bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkar qeydiyyatdan keçib. Baxışı keçirilən 169 fermer təsərrüfatından 122-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib”.
Aqroturların faydasından danışan Həmid bəy bildirib ki, fermerlər aqroturizmlə bağlı təlimlərdə iştirak edirlər, layihəyə qoşulan fermer təsərrüfatları abadlaşdırılır, onlara texniki və avadanlıq dəstəyi verilir, sonda fermerlər öz məhsullarını satmaq üçün imkan əldə edirlər: “Qeyd edim ki, turlar zamanı turistlər kənd təsərrüfatının müxtəlif sahələri ilə tanış olmaq, kənd evlərinə, təsərrüfat sahələrinə və emal müəssisələrinə səyahət etmək, mövsümi olaraq kənd təsərrüfatı məhsullarının yığımında iştirak, təbii kənd təsərrüfatı məhsulları ilə qidalanmaq, şəhər mühitindən uzaqlaşmaqla kənd həyatının üstünlüklərini kəşf etmək şansı qazanırlar. “Ulduz Tourizm” şirkəti olaraq 2022-2023-cü ildə həm daxili turistlərin bir çoxuna Şamaxı-İsmayıllı istiqamətində, həm də qardaş Türkiyə qonaqlarına (fındıqçılıq sənayesinin nümayəndələri) Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən istiqamətində turlar təşkil etmişik. 2023-cü ilin birinci yarısında 200-ə yaxın turistə aqrokənd turları çərçivəsində xidmət göstərmişik”.
Həmid Cahedi Korabbaslı qeyd edib ki, Azərbaycanın bütün bölgələrinə turistlərin marağı var, lakin Şamaxı-İsmayıllı istiqaməti yaxın olduğu üçün buraya maraq digər bölgələrə nisbətən daha çoxdur. Onun sözlərinə görə, tur zamanı aqrotur iştirakçıları təbii kənd məhsulları ilə qidalanır, təsərrüfat fəaliyyətləri haqqında məlumat əldə edir, mövsümdən asılı olaraq meyvə yığımı, ağacəkmə, ata minmə, balıqçılıq və digər fəaliyyətlərdə iştirak edir, kənd məhsullarını birbaşa fermerlərin özündən almaq imkanı əldə edirlər. Şirkət rəhbəri bu mövsüm ərzində Astara, Lənkəran-Lerik, İsmayıllı-Şamaxı, Quba-Qusar, Oğuz-Qəbələ, Şəki-Qax, Zaqatala-Balakən, Göyçay-Kürdəmir istiqamətlərində turların keçirilməsini nəzərdə tutduqlarını da bildirib.